XəbərlərARPA Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şurada təmsil olunur

Noyabrın 29-da sahibkarların, vətəndaş cəmiyyəti institutlarının və media nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yaradılmasına dair tədbir keçirilib. Tədbirdə çıxış edən Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə bir sıra strateji təşəbbüsləri reallaşdırmaqdadır. Bu təşəbbüslərin həyata keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrin qurulması fəaliyyətimizin başlıca istiqamətlərindəndir.

KOBİA-da ictimai iştirakın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və agentliyin fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, qurum ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə yaradılan Şurada 15 qeyri-hökumət təşkilatı və assosiasiya təmsil olunur ki, bunlardan biri də Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyasıdır (ARPA).

KOBİA yanında İctimai Şurada ARPA-nı Birliyin icraçı direktoru Əli Bayramov təmsil edir. Şurada təmsil olunan digər qeyri-hökumət təşkilatları ilə birgə ARPA da Agentliyin fəaliyyəti və göstərdiyi xidmətlər haqqında cəmiyyətin, o cümlədən biznes dairələrinin məlumatlandırılması istiqamətində effektiv tədbirlər həyata keçirəcək, sahibkarların rəy və təkliflərini araşdıracaq, agentlik tərəfindən göstərilən xidmətlərin şəffaflığı sahəsində ictimai rəyi təhlil edəcək və bu sahədə olan inkişaf çağırışlarını KOBİA-ya çatdıracaq, tövsiyələr hazırlayacaq, təkliflər verəcək.

İctimai Şuranın yaradılması sahibkarların və vətəndaş cəmiyyətlərinin kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilən dəstək tədbirlərində iştirakına, agentliyin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə geniş imkan yaradacaqdır.

Şərh yaz

Your email address will not be published.