XəbərlərARPA -da növbəti Divan görüşü keçirildi

23 may 2018-ci il tarixində ARPA tərəfindən təşkil edilən Divan çərçivəsində növbəti görüş baş tutdu. Görüşdə maliyyə eksperti Fərhad Əmirbəyov, “Atabank” ASC-nin Risklərin İdarə edilməsi Departamentinin direktoru Elman Sadıqov, biznes məsləhətçisi Fəxri Ağayev, “Pasha Holding”in iqtisadçısı Elman Eminov, ARPA Müşahidə Şurasının sədri Rüfət Mahmud, ARPA-nın icraçı direktoru Əli Bayramov və digər şəxslər iştirak etdilər.Əsas müzakirə mövzusu Azərbaycanın xammal inhisarçılığı iqtisadi modelinin yüksək diversifikasiya edilmiş sənaye modelinə çevrilməsi oldu.Müzakirələr çərçivəsində ekspertlər iki qrupa daxil olan məsələləri müzakirə etdilər: bank sektorunun yığılmış “ümidsiz” borclarının həcmi ilə bağlı məsələlər və Azərbaycanda investisiya fəaliyyətinin gələcəkdə artmasına dair məsələlər.

Ekspertlər birinci qrupa daxil olan məsələlərlə bağlı bildirdilər ki, böyük ehtimalla bank sənayesi müstəqil şəkildə həm ümumi kredit portfelində “ümidsiz” borcların yüksək payı problemini, həm də investisiya prosesində iştirak etmək üçün lazım olan aşağı ümumi kapital problemini həll edə bilməz. Bunun səbəbi bir sıra amillərdir:

– ümumilikdə bank sahəsində böhranın səbəblərinin kifayət qədər anlaşılmaması və buna görə də bütün sənayenin inkişafı üçün hazırlanmış ssenarilərin olmaması. Hər bir bankın müstəqil şəkildə fəaliyyət göstərməyə və inkişaf etməyə çalışması;

– bank sənayesinin maraqlarını qoruya və inkişaf etdirə bilən vahid media orqanının olmaması;

– “uzun” pulları təmin edə bilən resurslar bazasının zəifləməsi, daha dəqiq desək, mərkəzi bankların “bankların öhdəliklərini təkrar maliyyələşdirmə mexanizmi” kimi mühüm iqtisadi vasitəsinin tam olaraq işləməməsi;

– dövlət qiymətli kağızlar bazarının hələ yeni formalaşmağa başlaması. Bundan başqa, dövlət qiymətli kağızlar bazarı – etibarlı və yüksək likvidlik aktivinin təmin edilməsi baxımından maliyyə bazarının təməli olmaqla yanaşı, həm də suveren riskin “dəyəri”nin göstəricisidir. Milli maliyyə bazarının inkişaf etməməsinin bu mühüm göstəricini müəyyənləşdirməyə imkan verməməsi, bunun isə öz növbəsində faiz dərəcələrini manipulyasiya etməyə imkan verməsi;

Ekspertlərin fikrincə, bank sektorunda yığılıb qalmış problemlərin həllinin daha da gecikməsi milli bankları investisiya prosesində iştirakdan kənarlaşdıra bilər.Divan ekspertləri iqtisadiyyatın mövcud vəziyyətini investisiya bumundan öncəki dövr kimi qiymətləndirdilər. Ekspertlər hadisələrin gedişatı üçün 3 mümkün ssenari müəyyənləşdirdilər.

Birinci ssenari əlverişli xarici iqtisadi zəminin mövcudluğunu modernizasiyanın şərti olaraq önə sürür. Beləliklə, əgər neft qiymətləri nisbətən yüksəkdirsə, bu dəyişikliklər islahatlar aparmağa imkan verir, neft qiymətləri düşürsə, islahatlar dayandırılmalı və ya təxirə salınmalıdır. Əslində, əsas məqsəd – rezervləri qoruyub saxlamaq və məsuliyyət yükünü gələcək nəsillərin üzərinə qoymaqdır.

İkinci ssenari – çox sayda prioritetlərin və gələcəkdə onlardan heç olmasa bəzilərində müvəffəqiyyətin gözlənilməsi əsasında qurulan bir strategiyanın seçilməsidir. Bununla belə, bu prosesin idarə olunmasının, eləcə də resursların paylanmasının tamamilə dövlət bürokrasiyasına həvalə ediləcəyi gözlənilir. Bu ssenari şaquli xətt boyunca olduqca səmərəli bir idarəetmə aparatının olmasını və daha da vacibi, böyük maliyyə və digər resursların mövcudluğunu nəzərdə tutur. Bütün idarəetmə xəttinin mürəkkəb sosial və iqtisadi proseslərlə koordinasiya edilməsi və bütün iqtisadi agentlərin maraqlarının güzəştli qeyri-bazar metodları ilə uzlaşdırılmasının vacibliyi də həll edilməmiş problemə çevrilir.

Divan ekspertləri üçüncü ssenarini isə bərabərhüquqlu tərəfdaşlar olaraq, dövlət və biznes arasında qarşılıqlı əlaqə modeli kimi görürlər. Bu modeldə dövlət bazarı əvəz etmir, dərhal beynəlxalq bazarlara yönəlmiş böyük milli korporasiyaların sürətlə yaranmasına kömək etməyə çalışır. Məhz böyük korporasiyalar kiçik və orta ölçülü şirkətlər üçün mal və xidmətlərə daxili tələbat yaradacaq, bu isə milli bazarın kiçik ölçüsünün yaratdığı məhdudiyyətlərdən yayınmağa imkan verəcək. Sözsüz ki, prioritetlərin sayı 2-3 istiqamətlə məhdudlaşdırılaraq, əhəmiyyətli dərəcədə azaldılmalıdır.Divan ekspertləri belə bir nəticəyə gəldilər ki, gələcək investisiya bumu üçüncü ssenari üzrə istiqamətləndirilsə, müvəffəqiyyət əldə etmək üçün daha çox şansımız olacaq.Azərbaycan Respublikası Prezidenti seçkilərindən sonra başlayan kadr islahatlarını, eləcə də xarici aləmdə baş verən hadisələri nəzərə alsaq, üçüncü ssenarinin həyata keçirilməsi üçün əlverişli məqam yetişmişdir.

Şərh yaz

Your email address will not be published.