XəbərlərARPA İctimai Birliyinin “Mühasibat Uçotu üzrə Komitəsi”nin təsis iclası keçirilib

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossasiyasının (ARPA) “Mühasibat Uçotu üzrə Komitəsi”nin təsis iclası keçirilmişdir. ARPA-nın Baş Ofisində baş tutan iclasda Azərbaycan iqtisadiyyatının bütün sferalarını əhatə edən nüfuzlu dövlət qurumları və özəl müəssisələrin, o cümlədən ali təhsil müəssisələrinin “Mühasibat uçotu və audit” sahəsində fəaliyyət göstərən yüksək ixtisaslı peşəkarları iştirak etmişdir.Bu müəssisələr arasında Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azerconnect, Azergold ASC, Ernst & Young, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və sığorta sahəsində faəliyyət göstərən aparıcı şirkətlərin adlarını xüsusilə vurğulamaq lazımdır. İclasda adı çəkilən qurumların rəhbərliyində təmsil olunan səlahiyyətli şəxslər və baş mühasiblər Komitə iclasının gedişində öz təklifləri ilə çıxış etmiş, Komitə Əsasnaməsinin təsdiq olunmasında aktiv iştirak etməklə mütləq səs çoxluğu əldə edərək Əsasnamənin müvafiq dəyişikliklər nəzərə alınmaqla qəbul edilməsinə nail olmuşlar. İclasa sədrliyi Bakı Mühəndislik Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri Firudin Sultanov etmiş, məruzəçilər qismində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov  və ARPA İctimai Birliyinin İcraçı Direktoru Əli Bayramov çıxış etmişdir.İclasda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən verilməsi nəzərdə tutulan “Peşəkar Mühasib Sertifikatı”nın şamil olunduğu şəxslər, sertifikatın verilməsi prosedurları və DİM tərəfindən sertifikasiya imtahanlarının təşkil olunması prosesində fəal iştirakı hədəfləyən İşçi Qrupunun yaradılması müzakirələrin əsas mövzusunu təşkil etmişdir. ARPA İctimai Birliyinin bu sahədəki ən iddialılardan biri olaraq Peşəkar Mühasib Təşkilatı kimi akkreditasiyadan keçməsi və mühasibat uçotu və audit sahəsindəki araşdırmaları ehtiva edən bülletenlərin və ya elektron jurnalın təsis edilməsi məsələləri növbəti iclasın gündəliyinə salınmışdır.

ARPA İctimai Birliyinin İcraçı direktoru Əli Bayramov Komitə iclaslarının mütəmadi xarakter daşımasına ümid etdiyini bildirərək, ARPA-nın respublika ərazisində fəaliyyət göstərən bütün mühasibləri bir platformada birləşdirməyi hədəflədiyini və mütəmadi olaraq seminarların keçirləcəyini qeyd etmişdir.  Komitə iclasının davamı olaraq ilk seminarın sığorta sahəsi üzrə mühasiblər üçün Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə birlikdə təşkil edilməsi qərara alınmışdır

Şərh yaz

Your email address will not be published.