XəbərlərAzərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında Memorandum imzalandı

28 aprel 2018-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında təlim və imtahanların keçirilməsi, metodiki dəstək və digər əlaqədar sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaradılması və  inkişafı məqsədi ilə  memorandum imzalanmışdır.

ARPA-nın təşkil etdiyi sertifikasiya proqramlarından biri də Mühasiblərin Peşəkar Sertifikasiyası (MPS)  proqramıdır. MPS Dünya Bankı və Maliyyə Nazirliyinin birgə həyata keçirdiyi CAPSAP layihəsi əsasında ARPA-ya sertifikasiya orqanı olaraq verilən hüquqlara əsaslanır. MPS-in tədris proqramı mühasibat və maliyyə sahəsində dünyada tanınmış ACCA sertifikasiya proqramı və yerli qanunvericilik əsasında hazırlanmışdır.

Sertifikasiya proqramı obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında həyata keçirilir. Sertifikasiya proqramının əsas məqsədi bunlardır:

  • mühasibat uçotu sahəsində beynəlxalq standartların öyrənilməsi, tətbiqi və yayılmasının təşkili;
  • mühasibat uçotu mütəxəssislərinin peşəkar bilik səviyyəsinin inkişaf etdirilməsi;
  • maliyyə hesabatlılığının keyfiyyətinin yüksəldilməsi;
  • beynəlxalq təcrübəyə uyğun olan peşəkar mühasiblərin etik kodeksi qaydalarına riayət edilməsinin təşviqi.

ARPA maraqların toqquşması halı ilə qarşılaşmamaq üçün təlimlər təşkil etmir, lakin təlim keçən müəssisələr ilə əməkdaşlıq edir.İmzalanmış Memoranduma əsasən vergi qanunvericiliyi sahəsində imtahan proqramlarının hazırlanması və imtahan proqramları üzrə təlimlərin təşkil olunması, vergi ödəyiciləri arasında maarifləndirmə işinin təşkili üçün tədbirlərin keçirilməsi və qarışlıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində öz səylərini birləşdirmək barədə razılığa gəlmişlər.

Qeyd etmək istərdik ki, ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. Hal-hazırda ARPA-nın 1000-dən çox  fərdi, 12  korporativ üzvü vardır.

Şərh yaz

Your email address will not be published.