Xəbərlərİnkişaf risklərin düzgün idarə edilməsindən keçir

İnkişaf risklərin düzgün idarə edilməsindən keçir.

Risklərin idarə olunması…bütün dünyada istər dövlət, istər özəl sektorlarda biznes idarəçilyini təhlil etsək, ilk növbədə orada həm riskləri, həm də həmin risklərin idarə edilməsi, yumşaldılması üçün tədbirlərin zəruriliyini və həyata keçirildiyini görərik. Risk hər yerdə mövcuddur. Lakin, risklərin idarə edilməsinə yanaşma fərqlidir. Bu fərqləri biz inkişaf etmiş və etməkdə olan ölkələrdə risklərin idarə edilməsinə olan münasibətlərdə aydın görürük. Çoxsaylı kasıb ölkələrdə isə təəssüf ki, risklərin idarə edilməsi kültürü, prosedurları, ümumiyyətlə bu anlayış demək olar ki, yoxdur.

ARPA (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası) 10 ildən çoxdur ki, ölkədə risklərin idarə edilməsi sahəsində məhz risk mütəxəssisləri şəbəkəsini formalaşdırmaq və risk mədəniyyətini aşılamaq üçün bir sıra yerli və beynəlxalq forum, tədbirlər, təlimlər həyata keçirmiş, bu gün də bu istiqamətdə atdığı addımları davam etdirməkdədir. Lakin görüləsi işlər çoxdur. Xüsusilə, risklərin idarə edilməsinin həm dövlət müəssisələri, həm real sektorda, həm iri holdinq və şirkətlərdə, həm də kiçik və orta sahibkarlıq subyektlərində təşkili, sağlam bünövrəsinin qoyulması, bu fəaliyyətin nəticəsində daha səmərəli və formallıqdan uzaq bir risk idarəçiliyi mədəniyyətinin formalaşdırılması əsas prioritetlərdəndir. Bu istiqamətdə çağırış və həlli vacib problemlər də az deyil.

Risklərin idarə edilməsi ilə bağlı yanaşmalar o qədər də qənaətbəxş deyil. Səbəblər çoxdur. Əvvəla, insan bilmədiyinin düşmənidir. Riskləri öyrənməmək, ona formal yanaşmaq, risklərə əlavə xərc səbəbi kimi baxmaq ən geniş yayılmış baxışlar sırasındadır. Lakin, dünya ölkələrini təhlil etdikdə görürük ki, risklərin öyrənilməsi, idarə olunması, təhlili ən çox inkişaf etmiş ölkələrdədir; həm ayrı-ayrı strukturlarda, həm biznesdə, iqtisadiyyatda. Məsələn, ən güclü kəşfiyyat orqanları ən çox analitik təhlil və risklərin idarə edilməsində təcrübəyə malik kəşfiyyat orqanlarıdır. Ən güclü və gəlirli korporasiyalar risklərin idarə edilməsinə milyonlar xərcləyən korporasiyalardır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr isə riskərin idarə edilməsi, analitik təhlil və araşdırmalara milyardlar xərcləyən dövlətlərdir. Deməli, risklərin idarə edilməsi ilə inkişaf, qazanc arasında düz mütənasiblik mövcuddur. Risklərin idarə edilməsinə nə qədər çox diqqət ayrılırsa, inkişaf və qazanc da bir o qədər çoxdur.

Risklərin idarə edilməsini zəruri edən əsas səbəb nədir? Rsiklərin idarə edilməsi istər iqtisadiyyatı, istərsə də ayrı-ayrı müəssisələri gözlənilən risklərdən qoruyur. Gözlənilməz risklərin isə mənfi, dağıdıcı təsirlərini yumşaldır. Sadə dillə desək, risklərini idarə etməyən bir iş adamı hər il 100 min manat olmaqla 10 il ərzində 1 milyon manat qazanır. Amma, özündən asılı olan və ya olmayan, daxili və ya xarici faktorların formalaşdırdığı risklər sayəsində 1 il ərzində 10 illik qazancını və hətta ondan da daha çox məbləği itirərək müflis ola bilər. Amma, öz risklərini davamlı olaraq idarə edərək eyni sahibkar ildə 100 min deyil, 70 min manat olmaqla 10 il ərzində 700 min manat qazana bilər. Hər hansı faktorun yaratdığı risk nəticəsində isə risklərini yumşaltdığı, düzgün idarə etdiyi üçün 1 milyon və ya daha çox deyil, 200-300 min itirə bilər. Nəticədə, yenə 400-500 min manatla biznesini davam etdirər. O səbəbdən risklərini daha müvəffəqiyyətlə idarə edən və risklərin idarə edilməsi mədəniyyəti formalaşan ölkələrdə bizneslərin ömrü də uzun olur.

Risklərin idarə edilməsi ən çox elə sahibkarın özünə lazımdır. Risklərin idarə edilməsi üzrə bir struktur bölmə yaradaraq, gənc və təcrübəsiz bir kadrı oraya təyin etməklə həmin bölməyə təcrübəli bir kadrı təyin edib fikirlərinə əhəmiyyət verməmək eyni nəticələrə gətirib çıxarır. Hər bir halda, həmin iş adamı isə ən çox özünə xəyanət etmiş olur.

Risklərin idarə edilməsi təkcə hansısa risk modellərini öyrənmək deyil. Və yaxud statistika və ya modellərə əsaslanmayan söz yığınağı da deyil. Risklərin idarə edilməsi analitik təhlillə statistik məlumatların düzgün istifadəsinin simbiozundan əlavə həm də bir kültür, düşüncə və yaşamaq, həyat tərzidir. Bu kültür, düşüncə və həyat tərzlərini özünə aşılamadan, qana, cana hopdurmadan sağlam qazanc çox çətindir. Hətta bu qazanc bir müddət olsa da, həmin qazancın özü boyda əlavə itkilərinin də olacağı qaçılmazdır.

Bütün dünyada biznesin idarəçiliyində əsas rol oynayan 2 amil mövcuddur: birincisi, operativ məlumat; ikincisi, həmin məlumatın düzgün emalı, analitik təhlili. Analitik təhlilin bünövrəsində isə risklərin müəyyən olunması, onların idarə olunması, yumşaldılması üçün tədbirlərin müəyyən olunması durur. Yekun nəticə isə budur ki, rəqabətin getdikcə kəskinləşdiyi dövrdə hər bir biznes subyekti barıt çəlləyinə bənzəyir. Risklərin idarə edilməsinin düzgün təşkil olunmaması isə həmin biznes subyektinin əvvəl-axır yanan bir kibritlə qarşılaşacağını zərurətə çevirir. Nəticə, əvvəl-axır həmin çəlləyin, yəni biznesin yox olmasıdır. Bunun şahidi olmayan hər hansı bir şəxs varmı?

Elman Sadıqov

İqtisadçı

Şərh yaz

Your email address will not be published.