Bakı, 01 noyabr 2019 – PAŞA Bank ASC-nin sponsorluğu, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə 30 oktyabr 2019-cu il Holiday Inn Baku otelində “RiskTech” Forumu keçirildi. Süni zəka və blokçeyn texnologiyalarının risklərin idarə olunması sahəsinə təsirlərinin müzakirə edildiyi Forumda yerli və beynəlxalq mütəxəssislər risklərin idarə edilməsinin rəqəmsallaşması, süni zəka və blok zəncirinin risklərin idarə edilməsinə təsirləri, maliyyə xidmətlərinin rəqəmsal transformasiyası və Azərbaycanda rəqəmsal ekosistemin qurulması yolunda görülməli olan tədbirlər mövzusunda məruzələr ilə çıxış etdilər.
Azərbaycanın aparıcı bankları, dövlət qurumları və audit şirkətlərinin nümayəndələri, innovasiya və risk menecmenti sahəsində ixtisaslaşan peşəkarlar, həmçinin Türkiyənin Kredi Kayıt Bürosu və Microsoft şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə nümayəndəsi Forumda məruzəçi qismində təmsil olunurdular.
Forumda həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Hüquqi şəxslərin 1 proseslə onlayn dövlət qeydiyyatı” adlanan yeni elektron xidmətin təqdimatı da keçirildi. “Asan qeydiyyat uğurlu biznesin açarıdır!” şüarına əsaslanan bu xidmət hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsində qeydiyyat prosesinin asanlaşdırılması, qeydiyyat məlumatlarının lazımi qurumlara operativ formada ötürülməsi, məlumatların vahid mərkəzdə toplanması kimi üstünlüklər verir.
Ümumilikdə isə RiskTech Forumunun əsas məqsədi risklərin idarə edilməsində texnoloji imkanlardan istifadə ilə bağlı dünya təcrübəsinin öyrənilməsi və maliyyə xidmətlərində rəqəmsal keçidin sürətləndirilməsi üçün Azərbaycanda həyata keçirilməsi vacib olan tədbirlərin müzakirəsi idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Rəşad Əzizov öz çıxışında bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas strateji istiqamət və prioritetləri kimi müəyyən olunmuş yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, rəqəmsal bankçılığın inkişafı və elektron ödənişlərin stimullaşdırılması kimi addımların təcrübədə tətbiqi üçün RiskTech Forumu böyük əhəmiyyətə malikdir və nəzəri əsas rolunu oynayır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən illik əsasda keçirilən risk forumları bu sahənin peşəkarlarını vahid platformada birləşdirməklə risk menecment sahəsində ən son tendensiyalar barədə fikir və təcrübə mübadiləsinin həyata keçirilməsində əvəzsiz rola malikdir. İnformasiya texnologiyalarının sürətli inkişafı və sosial və iqtisadi sferaya təsirləri fonunda növbəti illərdə də ARPA tərəfindən belə tədbirlərin təşkil olunacağı istisna edilmir.